Böyük Britaniyanın Krallıq Donanmasının Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində tankerin atəşə tutulması ilə bağlı insident qeydə alındığını açıqlayıb.
UKMTO-nun məlumatına görə, hadisə Maskat şəhərindən təxminən 60 dəniz mili (111 km) şərqdə baş verib. Tankerin kapitanı gəminin sol bortunun arxa hissəsində, su xəttinə yaxın ərazidə xarici partlayışın baş verdiyini bildirib.
İnsident nəticəsində bunker yanacağının bir hissəsi dənizə sızıb. Bununla belə, ekipajın və gəminin ümumi vəziyyətinin təhlükəsiz olduğu qeyd olunub.
Hadisə yerində araşdırma aparılır. Bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmaları və şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə edilib.





