Dənizaltı pilotsuz sistemlər güclənir

166

ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS müdafiə sazişi çərçivəsində yeni nəsil sualtı pilotsuz aparatların hazırlanmasını davam etdirəcək. Tərəflər bu sistemlərin 2027-ci ildən etibarən silahlı qüvvələrin arsenalına daxil ola biləcəyini istisna etmirlər.

Üç ölkənin müdafiə nazirliklərinin birgə açıqlamasında bildirilir ki, layihə AUKUS-un “ikinci sütunu” üzrə həyata keçirilir və süni intellekt, kvant texnologiyaları, sualtı və hipersəs sistemləri, eləcə də kibertəhlükəsizlik sahələrini əhatə edir.

ABŞ müdafiə naziri Pit Heqset tərəfdaş ölkələrin sualtı əməliyyatlar üçün yüksək uyğunlaşma qabiliyyətinə malik çoxməqsədli pilotsuz sistemlər hazırlayacağını bildirib. Böyük Britaniya müdafiə naziri Con Hili isə bu əməkdaşlığın yeni nəsil sensor və silah texnologiyalarının inkişafını sürətləndirəcəyini vurğulayıb.

Qeyd edək ki, 2021-ci ildə yaradılan AUKUS-un əsas məqsədi Hind-Sakit okean regionunda müdafiə əməkdaşlığını gücləndirməkdir. Proqramın əsas layihələrindən biri də Avstraliyanın nüvə sualtı qayıqları ilə təmin edilməsidir.