Aktau limanında dibdərinləşdirmə işləri sürətləndiriləcək

401

Qazaxıstanın nəqliyyat nazirinin müavini Janibek Tayjanov “Qazaxıstan Temir Jolı” Milli Şirkətinin, “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” ASC-nin və podratçı təşkilat olan “China Harbour Engineering Company Ltd” şirkətinin nümayəndələrinə dibdərinləşdirmə işlərinin sürətləndirilməsi və layihənin vaxtında həyata keçirilməsinin təmin olunması ilə bağlı tapşırıq verib.

Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyində nazir müavini Janibek Tayjanovun sədrliyi ilə Aktau limanının akvatoriyasında dibdərinləşdirmə layihəsinin icrası məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə “Qazaxıstan Temir Jolı” Milli Şirkətinin, “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” ASC-nin, eləcə də podratçı şirkət olan “China Harbour Engineering Company Ltd”nin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, layihənin həyata keçirilməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ötürmə qabiliyyətini artırmağa və Qazaxıstanın dəniz logistikasının səmərəliliyini yüksəltməyə imkan verəcək.

Daha əvvəl Xəzər dənizinin səviyyəsinin azalmasının Aktau Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinə nəzərəçarpacaq təsir göstərməyə başladığı bildirilmişdi.

Dibdərinləşdirmə işləri terminal güclərinin gələcəkdə daha da artırılması üçün şərait yaradacaq. Layihə çərçivəsində dəniz dibinin 1,5–2 metr dərinləşdirilməsi nəzərdə tutulur.

Tədbirlərin dəyəri 42,1 milyard tenge həcmində qiymətləndirilib.