IRENA təşəbbüsü genişlənir

86

Daha sonra Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Asiyada Enerji keçidi üzrə növbəti İnvestisiya Forumu keçirilib.

Çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, ilk dəfə COP29 çərçivəsində təşkil olunan forum artıq enerji keçidi, investisiyalar və regional əməkdaşlıq üzrə davamlı dialoq platformasına çevrilib. Nazir qeyd edib ki, IRENA tərəfindən irəli sürülən APRECA təşəbbüsü Mərkəzi Asiya ilə qonşu regionlar arasında bərpaolunan enerji və kritik materiallar sahəsində əlaqəliliyin gücləndirilməsi, enerji keçidinin sürətləndirilməsi və investisiya imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.

“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin regional enerji inteqrasiyasının ən mühüm təşəbbüslərindən biri olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Sazişi “Trans-Xəzər Enerji Dəhlizi”nin yaradılması istiqamətində mühüm əsas formalaşdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkana çevirən siyasətində bərpaolunan enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur.

Daha sonra IRENA-nın baş direktoru Françesko La Kamera və COP31-ə ev sahibliyi edəcək Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar da çıxış edib.

Tədbir çərçivəsində Azərbaycanın enerji keçidi sahəsində uzunmüddətli baxışını əks etdirən “Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Yol Xəritəsi” sənədi də təqdim edilib.

Forumun gündəliyi geniş olub və yüksəksəviyyəli görüşlər, layihə təqdimatları, B2B və B2G görüşləri, xüsusi sessiyalar keçirilib.

Tədbirin iştirakçıları sırasında bir sıra beynəlxalq enerji və maliyyə şirkətləri, o cümlədən “bp”, “ExxonMobil”, “Masdar”, “TotalEnergies”, “SLB” və digər aparıcı tərəfdaşlar yer alıb. Forumun təşkilatçıları və tərəfdaşları da müxtəlif beynəlxalq və yerli qurumları əhatə edib.

Forum işini iyunun 2-də davam etdirəcək.