Bayraktar: Azərbaycanla əməkdaşlıq nümunəvidir

105

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə Azərbaycanla ölkəsinin enerji sahəsində nümunəvi əməkdaşlıq etdiyini bildirib. O qeyd edib ki, hər iki ölkə həm öz enerji təchizatı təhlükəsizliyinə, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Nazir bildirib ki, nisbətən məhdud investisiyalarla TANAP boru kəmərinin ötürücülük qabiliyyətini artırmaq mümkündür. Eyni zamanda, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında planlaşdırılan elektrik enerjisi bağlantısı layihəsinin gələcəkdə Orta Asiyaya qədər uzadıla biləcəyi vurğulanıb. Bu layihənin regional elektrik ticarətini əhəmiyyətli dərəcədə gücləndirəcəyi qeyd edilib.

Bayraktar əlavə edib ki, enerji resurslarına çıxışın və enerji təhlükəsizliyinin strateji əhəmiyyət daşıdığı dövrdə Türkiyə bu sahədə mühüm layihələr həyata keçirməyə davam edəcək. O, Naxçıvan qaz kəmərinin istismara verilməsini və Suriyaya təbii qaz ixracının başlanmasını bu istiqamətdə atılmış addımlara nümunə kimi göstərib.