Şmıqal: Azərbaycanın dəstəyi vacib rol oynayır

86

Panel sessiyada çıxış edən Ukraynanın energetika naziri Denis Şmıqal Azərbaycanın ölkəsinin enerji infrastrukturunun dayanıqlığının qorunmasına mühüm dəstək göstərdiyini deyib.

“Azərbaycan xüsusilə ötən qış ölkənin enerji dayanıqlığının təmin olunmasına mühüm töhfə verib. Azərbaycanlı dostlarımız generatorlar, transformatorlar, kabel məhsulları və digər kritik avadanlıqlar təqdim etdilər. Bu dəstək bizə qışı keçirməyə, hazırda isə növbəti qış mövsümünə hazırlaşmağa kömək edir”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, tammiqyaslı müharibə dövründə Azərbaycan Ukraynaya ümumilikdə 11 enerji dəstəyi paketi təqdim edib. Müasir dövrdə enerji sistemlərinin dayanıqlılığının artırılması üçün yeni yanaşmaların tətbiqi vacibdir.

O bildirib ki, Ukraynanın müharibə şəraitində qazandığı müqavimət və rəqəmsallaşma təcrübəsi artıq praktiki həllərə çevrilir və tərəfdaş ölkələrlə paylaşılır.

“İlk növbədə enerji sistemlərində ayrı-ayrı obyektlərin deyil, funksiyaların qorunmasına üstünlük verilməlidir. Bundan əlavə, müdafiə mexanizmləri birbaşa enerji sisteminin özünə inteqrasiya olunmalıdır. Dayanıqlılığın məntiqi ondan ibarətdir ki, mərkəzi şəbəkə sıradan çıxsa belə, əsas funksiyaları qoruyub saxlaya bilən çoxsaylı müstəqil enerji sistemləri yaradılsın”, – deyə o əlavə edib.