31-ci “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən “Bakı Enerji Forumu”nun ikinci günü öz işinə başlayıb.
Forumun bu günkü proqramı enerji sektorunda qlobal transformasiya, investisiya modelləri və regional əməkdaşlıq istiqamətlərini əhatə edən geniş müzakirələrlə davam edir. Gündəliyə “Liderlərin çıxışları: enerji transformasiyası və gələcək strategiyalar”, enerji səmərəliliyi və ESCO investisiya platformaları, qaz bazarları və nəqliyyat marşrutları, eləcə də yaşıl enerji və regional inteqrasiya mövzuları daxildir.
Denizxeber.az bildirir ki, tədbirdə enerji keçidinin idarə olunması, iri enerji istehlakçılarının daha səmərəli həllərə keçidi və beynəlxalq bazarlarda qazın rolunun dəyişməsi kimi məsələlər xüsusi diqqət mərkəzindədir.
Forum Azərbaycan Energetika Nazirliyinin dəstəyi, SOCAR-ın isə baş tərəfdaşlığı ilə keçirilir. Bakı Konqres Mərkəzində təşkil olunan tədbirdə təxminən 600 nümayəndənin iştirakı gözlənilir. İştirakçılar sırasında Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, İtaliya, Türkiyə, Yaponiya və bir çox digər ölkələrdən şirkət və qurumlar yer alır.
Bu il forumun proqramında müxtəlif ölkələri və enerji sahələrini təmsil edən 60-a yaxın spiker çıxış edir.





