05 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda Akademiyanın inkişaf strategiyası, tədris profilinin genişləndirilməsi və tədris proqramlarının beynəlxalq konvensiyalara uyğunlaşdırılması məsələləri müzakirə olunub.
Denizxeber.az bildirir ki, görüş zamanı bakalavriat səviyyəsində bir sıra yeni ixtisasların açılması məqsədəuyğun hesab edilib. Belə ki, “Beynəlxalq ticarət və logistika”, “Menecment (su nəqliyyatı üzrə)”, “Ekologiya (su hövzələri üzrə)” və “Dizayn (su nəqliyyatı üzrə)” ixtisaslarının tədrisinin təşkili imkanlarının araşdırılması qərara alınıb. Bu məqsədlə Akademiyanın professor-müəllim heyəti və tərəfdaş qurumların mütəxəssislərindən ibarət işçi qruplar yaradılıb. Qruplara 3 ay müddətində əmək bazarının tələbatı üzrə təhlillər aparmaq və işəgötürən rəylərini toplayaraq hesabat təqdim etmək tapşırılıb.
İclasda həmçinin dənizçilik ixtisasları üzrə tədris planlarının yenilənməsi məsələsinə baxılıb. Yenilənmələr “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli STCW Konvensiyası, Beynəlxalq Dəniz Təşkilatının (IMO) model kursları, eləcə də Dövlət Dəniz və Liman Agentliyinin tövsiyələri əsasında hazırlanıb. Dəyişikliklər “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarını əhatə edir.
Sonda əyani təhsil üzrə ingilis bölməsində “Elektrik və elektronika mühəndisliyi”, həmçinin qiyabi təhsil üzrə “Gəmiqayırma və gəmi təmiri” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının tədris planları təsdiqlənib.






