Fransanın müdafiə və yüksək texnologiyalar sektorunda fəaliyyət göstərən “Exail Technologies” şirkətinin bazar mövqeyinin daha da güclənəcəyi gözlənilir. Analitiklərin fikrincə, “Safran” şirkətinin Montluson şəhərindəki istehsal sahəsinə yatıracağı 120 milyon avroluq investisiya yüksək dəqiqlikli naviqasiya sistemlərinə artan tələbatın göstəricisidir və bu, “Exail Technologies” üçün əlverişli perspektivlər yaradır.
Denizxeber.az bildirir ki, dəniz robot texnologiyaları və naviqasiya sistemləri üzrə ixtisaslaşan şirkət son 18 ay ərzində birja dəyərini səkkiz dəfə artıraraq diqqət mərkəzinə çevrilib.
“Safran” yeni investisiya proqramı çərçivəsində yüksəkdəqiqlikli giroskopların illik istehsalını 30 min ədədə çatdırmağı planlaşdırır. Bu avadanlıqlar raket sistemləri, müdafiə texnologiyaları və GPS siqnallarının məhdud olduğu şəraitdə istifadə olunan naviqasiya sistemlərinin əsas komponentlərindən hesab olunur.
“Exail Technologies” isə 2024–2028-ci illər ərzində istehsal gücünü iki dəfə artıraraq ildə təxminən 4 min ədəd naviqasiya sistemi istehsal etməyi hədəfləyir. Şirkət xüsusilə hərbi dəniz qüvvələri, pilotsuz dəniz platformaları və quru müdafiə sistemləri üçün sifarişlərin artmasından faydalanmağı planlaşdırır.
Mütəxəssislərin qiymətləndirməsinə görə, qlobal geosiyasi gərginlik və müdafiə xərclərinin yüksəlməsi fonunda yüksək texnologiyalı naviqasiya və müdafiə sistemlərinə tələbatın artması davam edəcək. Bu baxımdan, “Safran”ın investisiyası həm sektorun inkişafına, həm də “Exail Technologies” kimi şirkətlərin gələcək perspektivlərinə dair mühüm göstərici hesab olunur.





