“CUNDA SHİPPİNG LTD.” RƏHBƏRLİYİ İLƏ GÖRÜŞ: ŞİRKƏTİN FƏALİYYƏTİ VƏ YAYILAN QEYRİ-DƏQİQ MƏLUMATLAR HAQQINDA RƏSMİ MÖVQE

527

BƏYANAT: ŞİRKƏT FƏALİYYƏTİ İLƏ BAĞLI YAYILAN YALAN MƏLUMATLAR HƏQİQƏTİ ƏKS ETMİR

Denizxeber.az bildirir ki, bu gün Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin ofisində “Circon” gəmisinin idarəedici şirkəti olan Cunda Shipping Ltd.-nin rəsmiləri – insan resursları üzrə müdir Alperen Yağcı və Bakı ofisinin rəhbəri kapitan İlkin Ələsgərov ilə görüş keçirilmişdir.

Görüş zamanı “Natra” və “Circon” gəmilərində baş vermiş faciə ilə bağlı görülən işlər və gələcək addımlar müzakirə olunmuşdur.

“Circon” gəmisinin idarəedici şirkəti olan Cunda Shipping Ltd. baş vermiş dəniz qəzasından sonra nümayiş etdirdiyi nümunəvi həmrəylik və insanpərvərliklə həm Türkiyə, həm də Azərbaycan dənizçilik ictimaiyyətinin rəğbətini qazanmışdır. Şirkət yalnız öz ekipajına deyil, qəzaya uğrayan “Natra” gəmisinin ekipajına da sahib çıxaraq, dənizçiliyin ən ali prinsipi olan “insan həyatını qorumağı” hər şeydən üstün tutduğunu bir daha nümayiş etdirmişdir.

Hadisənin baş verdiyi ilk andan etibarən korporativ dəyərlərinə və dənizçilik ənənələrinə sadiq qalan Cunda Shipping Ltd. rəhbərliyi operativ şəkildə hərəkətə keçərək “Circon” gəmisinin bütün ekipajına tam həcmdə axtarış-xilasetmə və tibbi dəstək göstərmişdir. Bununla yanaşı, şirkətin humanist yanaşması yalnız öz əməkdaşları ilə məhdudlaşmamışdır. Cunda Shipping Ltd. qəzadan zərər çəkən “Natra” gəmisinin ekipajını da öz ekipajından ayırmayaraq, onlara logistika, tibbi yardım və mənəvi dəstək daxil olmaqla hərtərəfli kömək göstərmişdir.

Biz, Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi olaraq, şirkətin bu çətin günlərdə göstərdiyi misilsiz humanitar dəstəyə görə rəhbərliyə bir daha dərin minnətdarlığımızı bildiririk. Şirkət humanitar prinsiplərə sadiq qalaraq, hər iki gəminin ekipajına – bütün dənizçilərimizə təmənnasız köməklik göstərmiş, onların təxliyəsi və dəfn mərasimlərinin təşkili ilə bağlı bütün xərcləri tam şəkildə öz üzərinə götürmüşdür.

Görüş əsnasında şirkət rəsmiləri fəaliyyətlərinə qarşı yönəlmiş əsassız ittihamlarla bağlı narahatlıqlarını ifadə etmişlər. Qeyd etmək istərdik ki, artıq 4 ildir davam edən qarşılıqlı əməkdaşlığımız dövründə Cunda Shipping Ltd. şirkətinin yalnız beynəlxalq standartlara uyğun olaraq kənd təsərrüfatı məhsulları və digər mülki təyinatlı yüklərin daşınması ilə məşğul olduğunun şahidi olmuşuq. Şirkətin heç bir qeyri-qanuni daşınmalarda, silah və ya digər qadağan olunmuş məhsulların daşınmasında iştirak etmədiyi bizə, əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlara və digər dənizçilərimizə məlumdur; yayılan bu iddiaların yalan olduğu hər kəsə bəllidir.

Təəssüflə qeyd edirik ki, şirkətin bu ağır günlərdə nümayiş etdirdiyi yüksək mənəviyyata və humanizmə qarşı bəzi dairələr tərəfindən şər-böhtan kampaniyası aparılır, yayılan yalan məlumatlarla ictimai rəyi çaşdırmaq məqsədi güdülür.

Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi olaraq ictimaiyyətə müraciət edirik:

• Şirkətin ünvanına səsləndirilən, heç bir sübutu olmayan yalan məlumatlara və şayiələrə inanmayın.

• Rəsmi təsdiqini tapmamış məlumatları paylaşmaqdan çəkinin.

• Yalnız rəsmi dövlət qurumlarının və İctimai Birliyimizin rəsmi mənbələrinə əsaslanan məlumatlara etibar edin.

Biz hər zaman ədalətin və həqiqətin yanındayıq. Cunda Shipping Ltd. şirkətinə Azərbaycan dənizçilərinə göstərdiyi bu ali insani münasibətə görə bir daha təşəkkür edir, onlara qarşı aparılan qara piar kampaniyalarını qətiyyətlə pisləyirik.

Dərin hörmətlə,

İlham Rafiq oğlu Nəsirov

“Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri