Süni intellekt dəniz nəqliyyatına inteqrasiya olunur

88

19 şirkət, tədqiqat qurumu və texnologiya təminatçısını birləşdirən Avropa konsorsiumu mövcud gəmi donanmasının dekarbonizasiyasını sürətləndirmək məqsədilə FIT-HORIZONS layihəsinə start verib.

Denizxeber.az bildirir ki, Norveçin “SINTEF Ocean” qurumunun koordinasiya etdiyi layihəyə Avropa İttifaqı təxminən 4 milyon avro vəsait ayırıb. Layihə çərçivəsində gəmilərin modernləşdirilməsi üzrə həllərin daha sürətli və səmərəli qiymətləndirilməsi üçün rəqəmsal dizayn platforması yaradılacaq.

Platforma süni intellekt, maşın öyrənməsi, əməliyyat məlumatları və qabaqcıl simulyasiya vasitələrindən istifadə edərək alternativ yanacaqlar, elektrikləşdirmə, külək dəstəkli hərəkət sistemləri, hava yağlama texnologiyaları, gövdə modifikasiyaları və enerji səmərəliliyi həllərini kompleks şəkildə qiymətləndirəcək.

Həmçinin daxili su yollarında işləyən gəmilər, qısa və uzaq məsafəli yük gəmiləri, bərələr, kruiz və ofşor gəmilər üçün altı virtual sınaq həyata keçiriləcək. Məqsəd mövcud gəmilərin ekoloji tələblərə uyğunlaşdırılmasını sürətləndirmək və modernləşdirmə layihələrinin kommersiya baxımından qiymətləndirilməsini asanlaşdırmaqdır.