Bakıda tikilən yeni hava limanı ilk dəfə bu qədər yaxından – EKSKLÜZİV VİDEO

234

Ələt qəsəbəsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında inşa olunan yeni hava limanı Azərbaycanın nəqliyyat-logistika infrastrukturunda mühüm layihələrdən biri hesab olunur.

Denizxeber.az bildirir ki, digər hava limanlarından fərqli olaraq, bu obyekt əsasən yükdaşımalar üzrə ixtisaslaşacaq. Yeni hava limanı Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə daşınan yüklərin daha sürətli və səmərəli şəkildə təyinat nöqtələrinə çatdırılmasına xidmət edəcək.

Layihə yüksək dəyərli və təcili çatdırılma tələb edən yüklərin daşınması üçün əlavə imkanlar yaradacaq, eyni zamanda Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrin ixrac potensialının genişlənməsinə də dəstək verəcək.

Mütəxəssislərin fikrincə, yeni yük hava limanı Azərbaycanın regional logistika qovşağı kimi mövqeyini daha da gücləndirəcək, beynəlxalq yük axınlarının cəlb olunmasına və investorlar üçün əlverişli infrastrukturun formalaşmasına töhfə verəcək.

Layihənin gələn il istismara verilməsi nəzərdə tutulur. Bu addım dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatını birləşdirən multimodal daşımaların inkişafında mühüm mərhələ olacaq.