Köhnə yollar dəyişir: Avrasiyanın qitələrarası yeni loqistik həmləsi

135

Hörmüz boğazı ətrafında yaranan gərginlik qlobal ticarətdə alternativ nəqliyyat marşrutlarının inkişafını sürətləndirən əlavə amilə çevrilib. Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri logistikanın dar keçidlərindən asılılığı azaltmaq məqsədilə iri infrastruktur layihələrinin icrasını fəallaşdırıblar.

Denizxeber.az bildirir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev qeyd edir ki, hazırda region ölkələri nəqliyyat dəhlizlərini ayrı-ayrı milli layihələr kimi deyil, vahid Avrasiya logistika sisteminin tərkib hissələri kimi qiymətləndirirlər. Ekspertin sözlərinə görə, Fars körfəzi ölkələri eyni vaxtda bir neçə strateji təşəbbüs, o cümlədən İraqın Əl-Fau limanını Türkiyənin nəqliyyat şəbəkəsi ilə birləşdirəcək “İnkişaf Yolu” (Development Road) layihəsi üzərində işləyir.

Yeni nəqliyyat konfiqurasiyasında Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) xüsusi əhəmiyyət qazanır və bu xəttin əsas halqalarından biri Azərbaycandır. R.Ağamirzəyev bildirib ki, ötürücülük qabiliyyəti ildə 5 milyon tona çatdırılmış Bakı–Tbilisi–Qars dəmir yolu artıq mühüm rol oynayır. Dəhlizin inkişafına əlavə təkan verəcək layihələr sırasında Qars–İğdır–Dilucu–Naxçıvan dəmir yolu xətti və perspektivli Zəngəzur dəhlizi də yer alır.

“Bu gün marşrutların şaxələndirilməsi artıq seçim deyil, həyati zərurətdir. Hər bir dövlət bir neçə alternativ multimodal marşruta malik olmağa çalışır”, – deyə R.Ağamirzəyev vurğulayıb.

Paralel olaraq Mərkəzi Asiyada da infrastruktur inkişaf etdirilir. Ən iri layihələrdən biri olan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttinin 2030-cu ilədək istismara verilməsi gözlənilir. Ekspertlərin fikrincə, formalaşan bu qlobal şəbəkə gələcəkdə təkcə Avrasiya daxilində inteqrasiyanı gücləndirməyəcək, həm də Türkiyənin Aralıq dənizi limanları vasitəsilə Afrika bazarlarına yeni logistika qapıları açacaq.