Rauf Ağamirzəyev: “Xəzər sərhəd deyil, imkandır” — Orta Dəhlizin yeni iqtisadiyyatı

155

Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əksər hallarda Çinlə Avropa arasında sadə bir tranzit xətti kimi təqdim olunsa da, region ölkələri, xüsusilə Azərbaycan və Qazaxıstan üçün bu marşrut daha böyük iqtisadi əhəmiyyət kəsb edir. Azərbaycanın nəqliyyat və logistika üzrə eksperti Rauf Ağamirzəyev layihənin mövcud vəziyyəti, Xəzər dənizinin rolu və iki ölkə arasındakı əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

Logistika şüarları yox, dəqiqliyi sevir

Denizxeber.az bildirir ki, ekspert qeyd edir ki, Orta Dəhlizə maraq ildən-ilə artmaqdadır. Son yeddi ildə marşrut üzrə daşımaların həcmi 5 dəfədən çox artaraq 4,5 milyon tona çatıb, builki hədəf isə 5,2 milyon tondur. 2029-cu ilə qədər konteyner daşımalarının təxminən dörd dəfə artaraq 300 min TEU-ya çatacağı gözlənilir. Təkcə 2026-cı ilin ilk rübündə Qazaxıstan üzərindən 125 konteyner qatarı keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4% çoxdur.

R.Ağamirzəyevin sözlərinə görə, bu rəqəmlər fonunda əsas məsələ ölkələrin sadəcə tranzit ərazisi olmaqla kifayətlənməməsidir:

“Əgər daşımalar ətrafında terminallar, anbarlar, servis xidmətləri, təmir müəssisələri, emal sahələri, sığorta və rəqəmsal həllər formalaşırsa, bu artıq tamamilə başqa iqtisadiyyatdır. Logistika şüarları sevmir, dəqiqliyi sevir. Biznes hər zaman müddətlərin, tariflərin və məsuliyyətin daha aydın olduğu marşrutu seçir”.

İki sahilin infrastruktur gücü

Marşrutun sürətini və buraxılış qabiliyyətini sinxronlaşdırmaq üçün hər iki sahildə iri infrastruktur layihələri icra olunur:

  • Qazaxıstan tərəfi: Aktau limanında Çinin “Lianyungang Port” şirkəti ilə birgə konteyner habı yaradılır və bu, terminalın gücünü 70 min TEU-dan 300 min TEU-ya çatdıracaq. Kurık limanı isə yük aşırmasını artıq 2,45 milyon tona yüksəldib. Ölkə 2028-ci ilə qədər Xəzərdəki ticarət donanmasını 18-dən 32 gəmiyə çatdırmağı planlaşdırır.
  • Azərbaycan tərəfi: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu il konteyner emalında 120 min TEU-luq rekord hədəfləyir. Genişləndirilmənin ikinci mərhələsi limanın gücünü 15 milyon tondan 25 milyon tona, konteyner imkanlarını isə 500 min TEU-ya çatdıracaq. Bundan əlavə, modernizasiya sayəsində Bakı–Tbilisi–Qars dəmir yolunun illik buraxıcılıq qabiliyyəti 5 milyon tona çatdırılıb.

Dəhlizin ən böyük üstünlüklərindən biri sürətdir — Çinin Sian şəhərindən Aİ sərhədinədək yüklər 13–14 günə çatır. Bu sürəti qorumaq üçün Azərbaycan və Qazaxıstan rəqəmsal gömrük və elektron sənəd dövriyyəsi sistemlərini genişləndirir.

Ticarət, Energetika və Rəqəmsallıq

Orta Dəhliz həm də regional ticarətin strukturunu dəyişir. Azərbaycan və Qazaxıstan qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir (2026-cı ilin ilk rübündə bu göstərici 81,1 milyon dollar təşkil edib). Qazaxıstan Azərbaycana taxıl, kənd təsərrüfatı və metallurgiya məhsulları, Azərbaycan isə borular, neft-kimya və tikinti materialları ixrac edir.

Eyni zamanda, Qazaxıstan bu il Bakı–Tbilisi–Ceyhan (BTC) kəməri ilə ixrac etdiyi neftin həcmini 400 min ton artıraraq 1,6 milyon tona çatdırmağı planlaşdırır. Nəqliyyatla yanaşı, Xəzərin dibi ilə Özbəkistanın da qoşulduğu “yaşıl enerji dəhlizi” və rəqəmsal şəbəkələri birləşdirəcək 380 kilometrlik “Digital Silk Way” sualtı fiber-optik rabitə xətti layihələri də icra olunur.

Ekspertin fikrincə, coğrafi mövqe təkbaşına gəlir gətirmir; gəliri işlək infrastruktur, sürətli qərarlar və biznesin etimadı təmin edir. Bu mənada Xəzər artıq bir sərhəd deyil, Avrasiyanın yeni logistika xəritəsini formalaşdıran ortaq imkandır.