ASCO-da mühüm təlim: Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı icra olunur – FOTO

111

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) növbəti təlim təşkil edilib.

Denizxeber.az bildirir ki, təlimdə ASCO-nun İdarə Heyəti sədrinin müşaviri Elvin Cəfərov və Hüquq departamentinin rəisi Cabir Niyazov çıxış edərək, gəmiçilik şirkətində korrupsiyaya qarşı mübarizə sahəsində mütəmadi həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Daha sonra “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, həmçinin Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işçi qrupunun üzvü Zaur İbrahimov “ASCO-nun korrupsiyaya qarşı mübarizə siyasəti, risklərin qiymətləndirilməsi, nəzarət mexanizmləri: milli və beynəlxalq standartların tələbləri” mövzusunda geniş təqdimatla çıxış edib.

Z.İbrahimov milli qanunvericiliyin əsas tələbləri, korrupsiyaya qarşı mübarizə siyasəti, beynəlxalq ISO 37001 “Korrupsiyaya Qarşı Beynəlxalq Menecment Standartı” və onun ASCO-da tətbiqi, əsas etika prinsipləri, eləcə də korrupsiya risklərinin qiymətləndirilməsi metodologiyası kimi mühüm məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Təlimin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və əməkdaşları maraqlandıran suallar cavablandırılıb.