Dəhşətli mənzərə: Xəzər dənizinin sahili kilometrlərlə geriyə çəkilir

117

Rusiyanın Okeanologiya İnstitutunun keçirdiyi ekspedisiya Xəzər dənizinin Dağıstan sahillərində suyun səviyyəsinin aşağı düşməsi ilə bağlı mühüm coğrafi və ekoloji dəyişikliklər aşkar edib.

Denizxeber.az bildirir ki, dəniz səviyyəsinin enməsinin fəsadları artıq bütün sahilboyu ərazilərdə aydın şəkildə müşahidə olunur. Əvvəllər su altında olan bəzi sahələr, o cümlədən Aqraxan yarımadası ilə keçmiş Çeçen adası arasındakı qurumuş boğazın dibi otla örtülərək yaşıllaşıb. Bunun əksinə olaraq, nisbətən hündür ərazilərdə kəskin səhralaşma prosesi gedir — bir çox bitki növü yoxa çıxır və qum təpələri (dyunlar) küləyin təsiri ilə yerini dəyişir.

Ekspedisiya zamanı o da müəyyən olunub ki, son dövrlərin güclü daşqınlarından sonra çayların mənsəblərində erroziya prosesləri kəskin fəallaşıb. Çay sahillərinin yuyulması nəticəsində dənizin sahil zonasına külli miqdarda bərk çöküntü toplanıb.

Ekspedisiyanın rəhbəri Marina Krılenko dənizdəki proseslərin mürəkkəbliyinə diqqət çəkib:

“Dəniz səviyyəsinin aşağı düşmə səbəbləri hələ də elmdə ən çox müzakirə olunan mövzulardan biridir. XX əsrin sonlarında Xəzərin səviyyəsinin qəfil qalxması isə daha böyük müəmmadır. Buna görə də, dənizdə yeni bir yüksəliş dalğasının nə vaxt başlayacağını əvvəlcədən proqnozlaşdırmaq hələlik qeyri-mümkündür — bu proses istənilən an aktivləşə bilər”.