Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan F126 tipli freqatların inşası layihəsini dayandırmağı planlaşdırır.
Denizxeber.az bildirir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb. Nəşrin yazdığına görə, Müdafiə Nazirliyi Almaniya HDQ-nin tarixində ən iri silahlanma proqramlarından biri hesab olunan bu layihəni davam etdirmək niyyətində deyil.
Ümumilikdə altı hərbi gəminin inşasını nəzərdə tutan proqram ilkin olaraq Niderlandın “Damen Naval” gəmiqayırma şirkətinə həvalə edilmişdi. Lakin işlərin icrasındakı ciddi gecikmələr və müqavilənin ləğvi riskləri səbəbindən baş podratçı funksiyasının Almaniyanın “Rheinmetall” konserninə verilməsi müzakirə olunurdu. “Rheinmetall” freqatların tikintisini təxminən 13 milyard avroya başa çatdırmağı təklif etsə də, hökumət bu xərcləri optimallaşdırmağa çalışır. Qeyd edək ki, 2020-ci ildə başladılan layihəyə indiyədək daxili büdcədən 2 milyard avrodan çox vəsait xərclənib.
Məlumata əsasən, hazırda müdafiə naziri Boris Pistorius layihədən tamamilə imtina etmək variantını nəzərdən keçirir. Nazirlik alternativ addım olaraq, Almaniyanın digər nəhəng hərbi dəniz korporasiyası olan TKMS şirkətinin istehsalı olan “Meko-200” tipli freqatların Bundesver üçün satınalınmasını planlaşdırır. “Spiegel” bu yeni yanaşmanın Almaniya Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi tərəfindən də ciddi şəkildə dəstəkləndiyini vurğulayıb.





