Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan yeni layihənin açılışı olub – FOTO

142

“WasteShark” üzən sutəmizləmə qurğusunun təqdimatı

Denizxeber.az bildirir ki, Bakı buxtasının Dənizkənarı Milli Park akvatoriyasına düşən hissəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su hövzəsinin təmizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində innovativ “WasteShark” üzən sutəmizləmə qurğusunun təqdimatı olub. Təqdimat zamanı Leyla Əliyeva və Arzu Əliyevaya qurğunun texniki imkanları nümayiş etdirilib. Bildirilib ki, qurğu son illər Xəzər dənizində su səviyyəsinin enməsi fonunda sahilyanı ərazilərdə, dayaz sularda və qapalı akvatoriyalarda üzən tullantıların, biokütlənin və müxtəlif çirkləndiricilərin çevik şəkildə toplanmasına imkan verən qabaqcıl texnoloji həllərlə təchiz olunub.

Uzaqdan idarəolunan, xüsusi sensorlar və kameralarla təchiz edilən və çevik hərəkət imkanlarına malik qurğu su səthindəki tullantılar, üzvi qalıqlar və çirkləndirici maddələri toplayır. Xüsusilə əlçatanlıq məhdud olan sahələrdə səmərəli fəaliyyət göstərən “WasteShark” ekoloji monitorinq və təmizlik tədbirlərinin imkanlarını genişləndirməyə hesablanıb.

Qurğunun ilkin mərhələdə lokal təmizləmə işlərində tətbiqi, əldə olunan nəticələrə əsasən isə Bakı buxtasının daha geniş akvatoriyasında və müxtəlif istifadə formatlarında tətbiqi nəzərdə tutulur.

Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.