Ekoloji tarazlıq üçün yeni mərhələ

88

Çin ölkənin müxtəlif bölgələrində dəniz ekosistemlərinin bərpasını sürətləndirir. Bu tədbirlər dəniz biomüxtəlifliyinin artırılmasına və sualtı canlıların yaşayış mühitinin yenidən formalaşdırılmasına yönəlib.

Denizxeber.az “Sinxua” informasiya agentliyinə istinadla xəbər verir ki, Şandun əyalətində yerləşən Çandao adalarında dəniz otu (seagrass) sahələri bərpa edilir. Mütəxəssislər bildirirlər ki, vaxtilə plansız akvakultura və sahilyanı təsərrüfat fəaliyyəti nəticəsində ciddi zərər görmüş bu ekosistemlər indi elmi üsullarla yenidən qurulur. Süni toxum bankları yaradılır, dəniz otları xüsusi bioloji örtüklərdə yetişdirilərək dəniz dibinə köçürülür.

Müşahidələr göstərir ki, dəniz otu və yosun sahələrinin genişlənməsi balıq və krevetlərin çoxalmasına şərait yaradıb. Bunun nəticəsində hər il yaz aylarında Sakit okean xallı suitiləri yenidən Çandao sularına qayıdır.

Ölkənin cənubundakı Haynan əyalətinin Sanya şəhəri yaxınlığındakı Ujiçjou adası sularında isə mərcan riflərinin bərpası və süni riflərin yaradılması işləri davam etdirilir. Burada 2010-cu ildən bəri 80 min kubmetrdən çox süni rif yaradılıb, 66 mindən artıq mərcan köçürülüb və 61 min kvadratmetrdən çox dəniz dibi bərpa edilib. Yeni yetişdirmə texnologiyaları sayəsində mərcanların sağqalma göstəricisi 40 faizdən 70 faizə çatdırılıb.  

Mütəxəssislər qeyd edirlər ki, süni riflərin yaradılması balıqlar, molyusklar və mərcanlar üçün yeni yaşayış mühiti formalaşdıraraq dəniz ekosisteminin və qida zəncirinin tədricən bərpasına kömək edir.