Hörmüz boğazında birgə idarəetmə müzakirə edilir

58

İran Hörmüz boğazının birgə idarə olunması məsələsində Omanla rəsmi razılaşma əldə etmək niyyətindədir.

Denizxeber.az İİR-in ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bəyan edib.

Nazir müavini Hörmüz boğazı məsələsinin Tehran üçün strateji və mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, boğazın idarə edilməsinin birbaşa sahilyanı ölkələrin üzərinə düşdüyünü bildirib.

K. Qəribabadi həmçinin qeyd edib: “İran və Oman Hörmüz boğazında dəniz nəqliyyatına göstərilən xidmətlərə görə xüsusi ödənişlərin (rüsumların) alınması məsələsində tam həmfikirdir. Fransa da daxil olmaqla, heç bir kənar ölkənin Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə müdaxilə etməsinə icazə verilməyəcək”.

Xatırladaq ki, bir müddət əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı İranla həmrəy olduqlarını ifadə etmişdi. Fransa Prezidenti Emmanuel Makron isə Oman Sultanı Heytəm bin Tariq Al Səidlə apardığı danışıqlardan sonra Parisin boğazda minalardan təmizlənməsi əməliyyatlarına hərbi dəstək verməyə hazır olduğunu açıqlamışdı.