Körfəz regionundan neft axınları tam bərpa olunur

78

Ötən həftə Hörmüz boğazından gəmi ilə daşımaların həcmi fevral ayında başlayan Yaxın Şərq böhranından bəri ən yüksək həddə yüksəlib. ABŞ-nin “Goldman Sachs” bankının analitiklərinin fikrincə, neft axını bu templə davam edərsə, iyulun əvvəlində gündəlik daşımalar müharibədən əvvəlki səviyyəyə – 23 milyon barelə çata bilər.

Denizxeber.az bildirir ki, ABŞ və İran arasında Dohada gözlənilən danışıqlar fonunda birjalarda neft qiymətləri ucuzlaşıb. Hazırda “Brent” nefti 72 dollar, “Light” nefti isə 70 dollar civarında satılır. Ekspertlər bazarda ehtiyatlı bir nikbinliyin olduğunu bildirirlər.

Digər tərəfdən, yaxın günlərdə İran və Oman rəsmiləri boğazdakı hərəkət marşrutlarını yenidən müəyyən etmək üçün müzakirələrə başlayacaq. Tehran boğaz üzərində nəzarəti saxlamaq niyyətindədir, Oman isə gəmilərdən keçid rüsumunun alınmasını dəstəkləmir. Bütün bunlara baxmayaraq, boğazdan keçən gəmilərin sayı artır. “Kpler”in məlumatına görə, təkcə bazar ertəsi günü 24 tanker boğazdan keçib ki, bu da dənizçilik şirkətlərinin bu marşruta inamının bərpa olunduğunu göstərir.