Gürcüstanın strateji layihələrindən olan Anakliya Dərin Dəniz Limanının 100 faizi dövlətə məxsus olacaq və layihə çərçivəsində limanın səhmləri satışa çıxarılmayacaq.
Denizxeber.az bildirir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bəyan edib.
Nazirin sözlərinə görə, Anakliya limanı ölkənin strateji obyekti olaraq dövlət mülkiyyətində saxlanılacaq, beynəlxalq şirkətlər isə yalnız limandakı terminal infrastrukturunun idarə olunmasında tərəfdaş kimi iştirak edəcəklər.
Mariam Kvrivişvili məsələnin mülkiyyət tərəfini xüsusilə vurğulayaraq deyib:
“Səhmlər satılmayacaq. Bu, tam mənası ilə Gürcüstan limanı olacaq və Anakliya Dərin Dəniz Limanının yeganə sahibi dövlət olaraq qalacaq. Ölkəmiz üçün belə qlobal və strateji əhəmiyyətə malik layihənin sahibi başqa heç kim ola bilməz. Beynəlxalq şirkətlərin iştirakı isə yalnız terminal infrastrukturunun idarə olunması ilə bağlı olacaq və bunun mülkiyyət hüququ ilə heç bir əlaqəsi yoxdur”.
Nazir əlavə edib ki, liman ərazisində inşası nəzərdə tutulan konteyner və quru yük terminalları beynəlxalq tərəfdaşlara uzunmüddətli icarəyə veriləcək. Hazırda layihədə iştirakla bağlı bir neçə Qərb ölkəsi ciddi maraq göstərir, lakin rəsmi danışıqlar davam etdiyi üçün konkret dövlətlərin adları hələlik açıqlanmır.
Gürcüstan hökuməti bu gündən etibarən strateji tərəfdaşların seçilməsi üçün açıq və şəffaf prosesə start verir. Bu beynəlxalq prosesdə həm xarici dövlət qurumları, həm də liman infrastrukturunun idarə olunması, qlobal yük axınının təşkili və iri maliyyələşdirmə sahəsində zəngin təcrübəyə malik beynəlxalq özəl şirkətlər iştirak edə biləcəklər.





