“Böyük Qayıdış”ın ruhu səmimiyyətdədir

77

Prezident İlham Əliyevin Şuşaya növbəti səfəri bir daha nümayiş etdirdi ki, Qarabağın dirçəldilməsi dövlət siyasətinin ən əsas prioritetlərindən biridir. Bu səfər yalnız yeni layihələrin icrası və rəsmi açılış mərasimləri ilə deyil, həm də dövlət başçısının Şuşa sakinləri ilə səmimi görüşü, onların qayğıları ilə yaxından maraqlanması baxımından xalq-hakimiyyət birliyinin növbəti bariz nümunəsinə çevrilib.

Denizxeber.az bildirir ki, Şuşa artıq təkcə tarixi və mədəniyyət paytaxtı deyil, həm də müasir Azərbaycanın quruculuq iradəsinin əsas simvoludur. İşğaldan azad edildikdən sonra şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə həyata keçirilir. Ərazidə müasir nəqliyyat-logistika infrastrukturu qurulur, tarixi abidələr bərpa edilir, yeni yaşayış məhəllələri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər mərhələli şəkildə istifadəyə verilir.

Dövlət başçısının Şuşaya qayıdan sakinlərlə görüşləri zamanı onların sevincini bölüşməsi, fikir və təkliflərini dinləməsi insanların rifahının dövlət siyasətinin mərkəzində dayandığını göstərir.

Böyük Qayıdış proqramı yalnız yaşayış binalarının tikilməsi ilə məhdudlaşmır. Əsas məqsəd insanların doğma torpaqlarında təhlükəsiz, rahat və firavan həyatını tam təmin etməkdir.

Şəhərdə həyata keçirilən yeni infrastruktur layihələri, abadlıq tədbirləri, sosial və mədəni obyektlərin tikintisi Şuşanın həm ölkənin mədəniyyət mərkəzi, həm də turizm və iqtisadi inkişaf baxımından mühüm cazibə nöqtəsinə çevrilməsinə xidmət edir.

Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri zaman-zaman bəzi dairələr tərəfindən qərəzli şəkildə təqdim olunmağa çalışılır. Bəzən görülən işlərin miqyası və mahiyyəti kölgədə qoyularaq, ayrı-ayrı texniki və ya təşkilati məsələlər ümumi prosesin uğursuzluğu kimi göstərilir. Lakin bu cür yanaşmalar regionda aparılan bərpa prosesinin bütöv mənzərəsini əks etdirmir.

Real faktlar və konkret nəticələr isə göz qabağındadır:

Qısa müddət ərzində uzun illər dağıdılmış ərazilərdə tamamilə yeni yollar salınıb, müasir şəhər və kəndlər tikilib, yaşayış məntəqələri salınıb, enerji, su və rabitə infrastrukturu sıfırdan və ən müasir standartlarla yenidən qurulub, insanların doğma yurdlarına mərhələli və təhlükəsiz qayıdışı uğurla idarə olunur.


Şuşa bu gün təkcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının diqqət mərkəzində olan strateji şəhərlərdən biridir. Burada keçirilən beynəlxalq tədbirlər və dövlət səviyyəli görüşlər şəhərin artan nüfuzunu nümayiş etdirir, reallaşan hər bir ali səfər isə bu inkişaf prosesinə yeni bir təkan verir.