Qara dənizdə mülki ticarət gəmilərinə qarşı növbəti qanlı hücum baş verib. Rusiya ordusu tərəfindən Türkiyəyə məxsus “GOLDEN LEO” mülki yük gəmisinə üç raket zərbəsi endirilib. İnsident nəticəsində 10 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Denizxeber.az bildirir ki, bu barədə Odessa Vilayət Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həlak olanlardan 9 nəfəri gəminin ekipaj üzvü, 1 nəfəri isə 66 yaşlı ukraynalı losmandır. Qarğıdalı daşınması ilə məşğul olan və Qvineya-Bisau bayrağı altında üzən ticarət gəmisinin göyərtəsində Suriya və Hindistan vətəndaşlarından ibarət 17 ekipaj üzvü olub.
Raket zərbələrindən sonra gəmidə güclü yanğın baş verib, lakin alovun qarşısını almaq mümkün olub. Xilasetmə əməliyyatı nəticəsində ekipajın 8 üzvü sağ tapılaraq sahilə çatdırılıb.
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin insanların ölümünə səbəb olan hərbi cinayətlər maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.





