Logistika və tranzit

189

Qazaxıstanın Baş naziri Oljas Bektenov və Özbəkistanın Baş naziri Abdulla Aripov İkitərəfli Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Aktau Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti və infrastrukturu ilə tanış olublar.

Denizxeber.az bildirir ki, Qazaxıstanın ən böyük dəniz qovşağı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas obyektlərindən biri olan Aktau limanı 44 hektar sahəyə və illik 12 milyon ton yükdaşıma gücünə malikdir.

Oljas Bektenov hökumətin dəniz infrastrukturunun inkişafına prioritet diqqət yetirdiyini bildirib. O, Kurık limanında dibdərinləşdirmə işlərinin başa çatdırıldığını, Aktau limanında isə oxşar layihənin ilin sonuna qədər yekunlaşacağını vurğulayıb. Bu, tam yüklənmiş gəmilərin limana daxil olmasına və ötürücülük qabiliyyətinin artırılmasına imkan verəcək.

Xəbərdə həmçinin qeyd olunur ki, Aktau və Kurık limanlarının ümumi tutumu illik 22 milyon tondur. Son illərdə bu limanlardan keçən konteyner tranziti 3,8 dəfə artıb. Eyni zamanda, keçən il bu marşrutla daşınan Özbəkistan yüklərinin həcmində 60 faizdən çox artım qeydə alınıb.