Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Xəzər dənizinin səviyyəsinin azalmasına təsir göstərən əsas amillərin müəyyənləşdirilməsi istiqamətində mütəmadi elmi tədqiqatlar və monitorinqlər aparılır.
Denizxeber.az-ın İnstituta istinadla verdiyi məlumata görə, dənizin səviyyəsinin enməsinə təsir edən başılca amillər Volqa çayında su sərfinin azalması və iqlim dəyişmələri nəticəsində buxarlanmanın artmasıdır.
Mütəxəssislər bildirirlər ki, Xəzər dənizinin su balansının təxminən 73 faizi Volqa çayı hesabına formalaşır. Lakin son illərdə Volqa hövzəsində təsərrüfat sahələrinin və müəssisələrin su istifadəsini artırması dənizə daxil olan su axınını əhəmiyyətli dərəcədə azaldıb.
Bununla yanaşı, iqlim dəyişiklikləri səbəbindən havanın temperaturunun yüksəlməsi buxarlanmanı intensivləşdirir, küləyin sürət və istiqamət dəyişiklikləri isə buxarlanan hava kütlələrinin dəniz üzərindən daha sürətlə daşınmasına şərait yaradır. Coğrafiya İnstitutu dənizdəki bu dinamikanı izləmək üçün elmi tədqiqatları davam etdirir.





