Dunayda unikal əməliyyat – VİDEO

107

Rumıniya Hərbi Dəniz Qüvvələrinin istehkamçıları və dalğıcları ölkənin yeganə atom elektrik stansiyası olan Çernavoda AES-ə su axınını artırmaq məqsədilə Dunay çayının məcrasında yerləşən sualtı qaya törəməsini 180 kiloqram partlayıcı maddə ilə nəzarət altında partladıblar.

Denizxeber.az bildirir ki, Mərkəzi və Cənub-Şərqi Avropada hökm sürən şiddətli quraqlıq və Dunay çayında suyun səviyyəsinin kritik həddə düşməsi səbəbindən stansiyanı idarə edən “Nuclearelectrica” şirkəti reaktorların soyutma sistemində yaranan risklərə görə iki enerji blokundan birinin fəaliyyətini dayandırmağa məcbur olmuşdu.

Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Mirutse bildirib ki, mühəndis-istehkamçılar tərəfindən həyata keçirilən dəniz/çay əməliyyatının əsas məqsədi çayın Bala qolundakı su axınını tənzimləmək, məcranı təmizləmək və suyu birbaşa Çernavoda AES-i qidalandıran Köhnə Dunay kanalına yönəltməkdir. 100-dən çox hərbçinin qatıldığı bu dəniz əməliyyatı sayəsində ikinci reaktorun da dayanmasının qarşısı alınıb.

Qeyd edək ki, Çernavoda AES 1980-ci illərdə Kanadanın “Atomic Energy of Canada Limited” şirkəti tərəfindən layihələndirilib və 1996-cı ildə istismara verilib. Hər birinin gücü təxminən 700 MVt təşkil edən iki enerji blokuna malik obyekt Rumıniyanın elektrik enerjisinə olan tələbatının təxminən 20%-ni təmin edir.

Dunayın rekord həddə dayazlaşması regionda atom enerjisi obyektlərinin soyutma sistemlərinə təhlükə yaratmaqla yanaşı, çay üzərindəki dəniz-çay naviqasiyasına və ticarət gəmilərinin hərəkətinə də ciddi əngəllər törədir.