Almaniya şirkətinə məxsus yük gəmisi Odessa yaxınlığında dron hücumuna məruz qalıb

118

Almaniya şirkətinə məxsus yük gəmisi Ukraynanın Odessa şəhəri yaxınlığında, Qara dənizdə dron hücumuna məruz qalıb.

Denizxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, hücuma məruz qalan gəmi Hamburqda yerləşən “Johann M.K. Blumenthal GmbH & Co. KG” şirkətinə məxsus olan və Liberiya bayrağı altında üzən “Emil” yük gəmisidir.

Bildirilir ki, insident Odessa sahillərindən təxminən 21 dəniz mili (39 kilometr) məsafədə baş verib.Dron hücumu nəticəsində gəmidə yanğın baş verib və bir sıra texniki sistemlər sıradan çıxıb. Bu səbəbdən gəmi manevr etmək imkanını itirib.

Hadisədən sonra ekipaj üzvləri gəmidən təxliyə edilib.İlkin məlumata görə, insident nəticəsində heç bir ekipaj üzvü xəsarət almayıb.

Hadisənin təfərrüatları və gəminin hazırkı vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.