Xəzər dənizinin səviyyə enməsi – VİDEO

203

Xəzər dənizinin səviyyəsinin son illər intensiv şəkildə aşağı düşməsi alimlərin diqqətində olan əsas məsələlərdəndir.

Denizxeber.az bildirir ki, Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Səidə Zeynalova AZƏRTAC-a müsahibəsində bildirib ki, dənizin gələcək vəziyyətinə dair müxtəlif modellər hazırlansa da, uzunmüddətli dövr üçün tam dəqiq proqnoz vermək çətindir.

Buxarlanmanın artması, çaylardan dənizə tökülən suyun azalması və iqlim dəyişiklikləri hazırda əsas səbəblər sırasında göstərilir. Mərkəzi Xəzər nisbətən sabit olsa da, seysmik baxımdan aktiv olan cənub və qərb akvatoriyalarındakı tektonik proseslər də nəzərə alınmalıdır.

Tarix boyu dəniz səviyyəsi dəfələrlə qalxıb-ensə də, müasir dövrü fərqləndirən əsas məqam insan fəaliyyətinin təsirinin əhəmiyyətli dərəcədə güclənməsidir. Alim Lənkəran rayonunun Kənarmeşə ərazisində aparılan tədqiqatların diqqətəşayan nəticələrini bölüşüb:

Dənizin çəkilməsi nəticəsində sahildə qədim meşə qalıqları — təxminən 30 ağac kötüyü üzə çıxıb və nümunələr götürülüb. Kötüklərdən yalnız 2-sinin səthdə qaldığı müşahidə olunub.

Kötüklərin demək olar ki, heç biri görünməyib. Ərazidə kontinental şəraitə uyğunlaşan bitkilər yenidən su altında qalıb. Səidə Zeynalova vurğulayıb ki, bu dinamika dəniz səviyyəsində müəyyən dalğalanmaların (tərəddüdlərin) baş verdiyini göstərir. Müəyyən müddətdən sonra dəniz səviyyəsində yenidən yüksəlmə müşahidə oluna bilər.

Xəzərin gələcək vəziyyəti ilə bağlı daha dəqiq nəticələr üçün çöl müşahidələri ilə yanaşı, məsafədən zondlama və Coğrafi İnformasiya Sistemləri (CİS) analizlərindən ibarət kompleks tədqiqatlar davam etdirilir.