Müştərək rüsum layihəsi rədd edildi

60

Oman İranın Hörmüz boğazından keçən kommersiya gəmilərindən birgə rüsum alınması ilə bağlı təklifini qəbul etməyib.

Denizxeber.az bildirir ki, bu barədə ABŞ-nin “The New York Post” nəşri regiondakı yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ötən həftə yaydığı açıqlamaya baxmayaraq, Oman rüsumların birgə toplanmasına razılıq verməyib.

“SEPAH-ın ötən həftə verdiyi bəyanatın əksinə olaraq, Oman rüsumların yığılmasına razılıq verməkdən imtina edib”, – deyə mənbə bildirib.

“The New York Post” xatırladır ki, ötən həftə İran və Omanın xarici işlər nazirləri Hörmüz boğazında yaranmış vəziyyəti müzakirə ediblər. Görüşdən bir neçə saat sonra SEPAH nümayəndəsi iki ölkənin rüsumlardan əldə olunacaq gəlirlərdə pay bölgüsü ilə bağlı razılığa gəldiyini açıqlamışdı.

Lakin adı açıqlanmayan ABŞ rəsmisi həmin vaxt bildirib ki, SEPAH bu açıqlamanı verməklə tələsik davranıb. Onun sözlərinə görə, gəlirlərin bölüşdürülməsi ilə bağlı təklif olunan razılaşmanın şərtləri hələ Tehranda belə tam təsdiqlənməyib.

Nəşrin məlumatına görə, Omanın rüsumların birgə toplanması təşəbbüsündən imtina etməsi ölkəyə ABŞ Prezidenti Donald Trampla mümkün qarşıdurmadan yayınmağa imkan verib.

Qeyd edək ki, Tramp Omanı Hörmüz boğazına nəzarət məsələsində İranla danışıqları davam etdirəcəyi təqdirdə sərt hərbi tədbirlərlə hədələmişdi.