Unudulmaz teatr və kino ustası Səyavuş Aslanın doğum günüdür

68

Bu gün tanınmış teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti, “Şərəf” ordenli Səyavuş Aslanın anadan olmasından 91 il ötür.

Denizxeber.az bildirir ki, Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda anadan olub.

Sənətə marağı erkən yaşlarından formalaşan aktyor yaradıcılıq fəaliyyətinə dram dərnəyində həvəskar kimi başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında çalışıb, 1958-ci ildə isə Quba Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Səyavuş Aslan uzun illər Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olub. 1994–1996-cı illərdə həmin teatrın bədii rəhbəri vəzifəsində çalışıb.

1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru olan sənətkar burada müxtəlif xarakterli, rəngarəng obrazlar yaradıb.

Onun “Kəndimizin mahnısı”, “Özümüz bilərik”, “Altı qızın biri Pəri”, “Ulduz” və digər tamaşalardakı, eləcə də filmlərdəki rolları tamaşaçıların yaddaşında silinməz iz buraxıb. Aktyor televiziya tamaşalarında da fəal iştirak edib və müxtəlif illərdə 100-dən çox obraz yaradıb.

Səyavuş Aslan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə 1974-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1982-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. O, həmçinin Prezident təqaüdçüsü olub.

Sənətkar 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.

Səyavuş Aslan ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.

Səyavuş Aslan özünəməxsus aktyor məktəbi, yaratdığı yaddaqalan obrazlar və Azərbaycan teatr-kino sənətinə verdiyi töhfələrlə daim xatırlanır.