Həyəcan təbili

43

50 ildən artıq fəaliyyət göstərmiş və 2019-cu ildən fəaliyyətini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunması təklif edilir.

Denizxeber.az bildirir ki, bu təklif Milli Məclisin deputatı Sadiq Qurbanov tərəfindən “Bakı İqlim Fəaliyyəti Həftəsi – 2026” çərçivəsində keçirilən “Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi” adlı müzakirələr zamanı səsləndirilib.

Deputat bildirib ki, Xəzərin gələcəyinə dair birgə fəaliyyət proqramlarının hazırlanmasına daha böyük diqqət yetirilməlidir.

“Dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişkənliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Azərbaycanda Xəzərin və ümumilikdə hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət qazanır”, – deyə S.Qurbanov vurğulayıb.

Deputatın sözlərinə görə, 2007-2025-ci illərdə Azərbaycanda orta çoxillik temperatur çoxillik normaya nisbətən 1,3 dərəcə yüksəlib. Yalnız 2025-ci ildə bu artım 1,8 dərəcə təşkil edib.

O qeyd edib ki, son altı ildə Azərbaycanda ən yüksək temperatur göstəricisi 2021-ci ildə 44,2 dərəcə, 2025-ci ildə isə 42,9 dərəcə olub.

S.Qurbanov Xəzər dənizinin səviyyəsinin gələcəkdə necə dəyişəcəyinə dair elmi proqnozların da xüsusi diqqət tələb etdiyini bildirib.

Onun sözlərinə görə, su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən -30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən uzaqlaşması müxtəlif ərazilərdə bir neçə kilometr təşkil edə bilər.

Belə ki, deputatın təqdim etdiyi proqnoza əsasən, dənizin sahildən uzaqlaşması Nabran-Şabran zonasında 4-5 kilometr, Sanqaçal-Ələt zonasında 10-12 kilometr, Lənkəran-Astara zonasında isə 2-3 kilometr ola bilər.

S.Qurbanov bildirib ki, Xəzər dənizində baş verən dəyişikliklərin daha dəqiq öyrənilməsi, mümkün risklərin qabaqcadan müəyyənləşdirilməsi və müvafiq tədbirlərin hazırlanması üçün hidrometeoroloji tədqiqatların gücləndirilməsi vacibdir.