Orta Dəhliz üçün yeni sınaq

220

Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi Orta Dəhliz üçün də çağırışdır.

Denizxeber.az bildirir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Davamlılıq və Emissiyaların İdarə Edilməsi üzrə direktoru Ələkbər Əzizli “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)”nın ikinci günündə bildirib.

Onun sözlərinə görə, artıq 3 ildir ki, bu problem davam edir: “Gəmiçilik şirkətləri, ümumiyyətlə gəmiçilik sektoru bu problemlə ilk üzləşən cəbhədir. Gəmiçilik sektoru aydın anlayır ki, iki növ problemimiz var: ticarət donanması və ofşor (dəniz) donanması. Hər bir donanmanın özünəməxsus problemləri var. Gəlin, ticarət donanması ilə bağlı məsələyə aydınlıq gətirək. Bu gün bizim bir bərəmiz Qazaxıstandan yükün 80 %-ni götürə bilir. Bu isə o deməkdir ki, 20 % daha az yük daşınır. Yəni bu, təkcə ASCO üçün deyil, bütövlükdə hökumətimiz üçün maliyyə vəsaitinə təsir edir”.

Ə.Əzizli bildirib ki, bu, təkcə Azərbaycan üçün deyil, Orta Dəhliz və ondan istifadə edən müştərilər üçün də çağırışdır: “Ofşor gəmilərinə gəlincə, bununla bağlı vəziyyət daha da pisdir. Məlum olduğu kimi, bizim yedək, təchizat və geoloji gəmilərimiz var. Bu cür gəmilər platformaların ətrafında, Xəzərdəki nəhəng neft yataqlarının ərazilərində hərəkət edir. Buna görə də biz bu problemlə də üzləşmişik. İndi əvvəlki yanalma körpülərinə daxil ola bilmirik”.

O əlavə edib ki, eyni vəziyyət, Türkmənistan, Qazaxıstan və Ələt Limanında da baş verib: “Yükün düzgün yüklənməsi üçün gəmini lazımi səviyyəyə gətirə bilmirik: “Əvvəllər kəsilmiş köhnə qazma qurğuları və suyun altındakı borularla bağlı problemlər var ki, bu da gəminin korpusunun deşilməsi riskini yaradır. Günü-gündən bütün bunlar təkcə ASCO üçün deyil, Xəzər hövzəsindəki hər bir oyunçu, o cümlədən gəmiçilik sektoru üçün çağırışa çevrilir. Gündəlik olaraq gəmilərimizi daha təhlükəsiz idarə etməyə çalışırıq”.