Yəmən husilərinin Qırmızı dənizdə gəmiçiliyə qarşı mümkün hücumları ilə bağlı narahatlıqların artması fonunda Ərəbistan dənizində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərində hazırlıq səviyyəsi yüksəldilib.
Denizxeber.az bildirir ki, “CBS News”un məlumatına görə, “USS George Washington” təyyarədaşıyan gəmisinin, eləcə də idarəolunan raket esmineslərinin ekipajları yüksək hazırlıq vəziyyətinə gətirilib.
Məlumata əsasən, qərarın İran tərəfindən dəstəklənən husilərin Yəmənin sahil ərazilərində mövqelərini genişləndirməsi və Bab əl-Məndəb boğazı istiqamətində nəzarəti artırması ilə bağlı narahatlıqların fonunda qəbul edildiyi bildirilir.
Husilərin son günlər Qırmızı dəniz sahilində bir sıra ərazilərə, o cümlədən Moqa limanına və Perim adasına nəzarəti ələ keçirdiyi barədə məlumatlar yayılıb.
Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirən strateji dəniz keçidi olduğundan, burada təhlükəsizlik vəziyyətinin pisləşməsi beynəlxalq ticarət gəmiçiliyi üçün ciddi risk yarada bilər.
Hazırda ABŞ hərbi qüvvələrinin bölgədəki fəaliyyətinin konkret detalları açıqlanmayıb.





