ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin heyət üzvlərinə narkotik vasitələr satmaqda ittiham olunan evli cütlük həbs edilib.
Denizxeber.az “New York Post”a istinadən məlumat yayıb.
Məhkəmə sənədlərinə əsasən, Bailey Şramovski və həyat yoldaşı Conni Pumaihealani 2022-ci ildən etibarən gəminin heyət üzvlərinə kokain, fentanil və oksikodon satdıqlarını etiraf ediblər.
Şramovski, həmçinin 2023-cü ildə bir dənizçinin fentanilin həddindən artıq qəbulu nəticəsində ölümündə ittiham olunur.
Məhkəmənin hökmünün dekabrın 11-də açıqlanacağı bildirilir. Şramovski 40 ilədək, Pumaihealani isə 20 ilədək həbs cəzası ilə üzləşə bilər.





