Faiz aşağı düşdü

51

İstanbulun su təchizatını təmin edən su anbarlarında orta doluluq səviyyəsi son 10 ilin sentyabr ayı göstəriciləri ilə müqayisədə üçüncü dəfə 40 faizdən aşağı enib.

Denizxeber.az bildirir ki, İstanbul Su və Kanalizasiya İdarəsinin açıqlamasına əsasən, sentyabrın 18-də su anbarlarının orta doluluq səviyyəsi 38,03 faiz təşkil edib. Anbarlarda təxminən 330 milyon kubmetr su qaldığı bildirilir.

Bu il su hövzələrinə düşən yağıntının miqdarı da azalıb.

Mütəxəssislər su ehtiyatlarının azalmasını yağıntıların azalması, yay aylarında müşahidə olunan isti və quraq hava şəraiti, buxarlanmanın artması və su istehlakının yüksəlməsi ilə əlaqələndirirlər.

Meteoroloqlar İstanbulun su ehtiyatlarının bərpası üçün payız və qış aylarında kifayət qədər və müntəzəm yağıntıların düşməsinin vacibliyini vurğulayırlar. Onların fikrincə, suya qənaət edilməsi də mövcud ehtiyatların qorunmasında mühüm rol oynayır.