Çinli alimlər dünyada ilk dəfə açıq dəniz şəraitində 10 metr dərinlikdə perovskit Günəş batareyalarına əsaslanan fotovoltaik sistemi sınaqdan keçiriblər.
Denizxeber.az Çin mediasına istinadla xəbər verir ki, texnologiya suyun altına nüfuz edən məhdud Günəş işığı spektrindən səmərəli istifadə etmək üçün hazırlanıb.
Yunnan Universitetinin alimlərinin tədqiqatı “Joule” jurnalında dərc olunub. Hazırlanmış Günəş batareyaları 5–10 metr dərinlikdə üstünlük təşkil edən 400–600 nanometr dalğa uzunluğundakı mavi-yaşıl işığa uyğunlaşdırılıb. Buna səbəb qırmızı işığın su tərəfindən daha sürətlə udulmasıdır.
Sistem qurğuşun halid perovskitinə əsaslanır. Materiala elektronları saxlamaq qabiliyyətini artıran poliheksametilen quanidin hidroxlorid əlavə edilib. Laboratoriya şəraitində enerji çevrilməsinin səmərəliliyi təxminən 35 faizə çatıb.
Daha sonra sistem Cənubi Çin dənizində yerləşən Veyçjou adası yaxınlığında sınaqdan keçirilib. Uzaqdan idarə olunan robotların köməyi ilə sahəsi 115 kvadrat santimetr olan Günəş batareyaları 2, 6 və 10 metr dərinliklərdə yerləşdirilib.
Sınaq zamanı elementlər müvafiq olaraq 1416, 752 və 324 millivatt-saat elektrik enerjisi istehsal edib. Bütün hallarda əldə olunan enerji litium-ion batareyalarının doldurulmasına və LED lövhənin işlədilməsinə kifayət edib.
Tədqiqatçıların fikrincə, yeni texnologiya gələcəkdə sualtı rabitə sistemlərinin, videomüşahidə və yayım avadanlıqlarının, akustik monitorinq sistemlərinin, eləcə də digər avtonom sualtı cihazların enerji ilə təmin edilməsində istifadə oluna bilər.





