On il əvvəl Azərbaycanda ailə bizneslərinin inkişafına dəstək verən yeni bir modelin təməli qoyulub. 2016-cı ildə ABAD pilot layihə kimi Masallı “ASAN Həyat” Kompleksində Prezident İlham Əliyevə təqdim olunub. Həmin il sentyabrın 23-də dövlət başçısının Fərmanı ilə “ABAD” publik hüquqi şəxs yaradılıb və ailə bizneslərinin inkişafına yeni dəstək modeli fəaliyyətə başlayıb.
Denizxeber.az bildirir ki, AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2017-ci ildə Balakən ABAD Mərkəzinin açılması ilə layihənin fəaliyyət coğrafiyası genişlənib.
Dövlət dəstəyi, eləcə də “PAŞA Holding”in sosial məsuliyyət tədbirləri çərçivəsində göstərdiyi dəstək nəticəsində Quba ABAD Factory, Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi və Nardaran ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi yaradılıb. “Art Hotel by ABAD Guest” layihəsi ilə ABAD-ın fəaliyyəti turizm sahəsini də əhatə edib.
Bu günədək ABAD tərəfindən 723 ailə biznesinə dəstək göstərilib. Onlardan 542-si sənətkarlıq, 156-sı qida istehsalı, 25-i isə digər sahələrdə fəaliyyət göstərir. ABADçıların 370-i qadın, 283-ü kişi, 70-i isə hüquqi şəxsdir.
10 il ərzində ABADçıların istehsal etdiyi məhsulların satış həcmi 20 milyon manata çatıb.
ABAD “İdeyadan rəflərə” yanaşması ilə ailə bizneslərinə istehsaldan satışa qədər bütün mərhələlərdə dəstək göstərir.
2017-ci ildə İçərişəhərdə SOCAR və TİKA-nın dəstəyi ilə ilk ABAD Etno-butiki fəaliyyətə başlayıb. Həmin il ABAD məhsulları ilk dəfə “Bravo” supermarketlərində satışa çıxarılıb. Sonradan burada bakaleya bölmələri və xüsusi satış stendləri yaradılıb.
Etno-butiklər şəbəkəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun “Duty Free” zonası, Milli Gimnastika Arenası, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, “Fairmont Baku”, Şamaxı və Şəki, eləcə də 3 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzlərinədək genişləndirilib.
Daha sonra ABAD məhsullarının satışı “Grandmart”, “Bolmart”, “Megastor”, “Rahat Gourmet”, “Port Bazar”, “Kontinental”, “Aplus”, “Araz Supermarket” və “Favorit Premium” şəbəkələrində təşkil olunub. 2025-ci ildən etibarən isə “Marketplace” istiqamətində “Wolt Market” və “Bir Market” vasitəsilə məhsulların sifarişi imkanı yaradılıb.
“PAŞA Holding”in birbaşa dəstəyi və digər tərəfdaşlarla əməkdaşlıq ABAD-ın inkişafı üçün yeni imkanlar yaradıb, mikro və kiçik sahibkarların fəaliyyətinin stimullaşdırılmasına töhfə verib.
Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzinin ilk Beynəlxalq Keramika Simpoziumuna ev sahibliyi etməsi isə 2021-ci ildə Şəkinin Avropa Keramika Marşrutuna daxil edilməsinə töhfə verib.
Hazırda işğaldan azad olunmuş ərazilərdən toplanan təbii ballar da daxil olmaqla, müxtəlif çeşiddə sənətkarlıq və qida məhsullarının istehsalı ilə məşğul olan minlərlə Azərbaycan vətəndaşı ABAD layihəsinin benefisiarlarıdır.
Bu gün ABAD yüzlərlə ailənin inkişaf yolunun və dayanıqlı biznesinin ayrılmaz hissəsinə çevrilib.





