Bu gün regional və beynəlxalq informasiya məkanında mühüm rol oynayan “Haber Global” telekanalının fəaliyyətə başlamasından 8 il ötür.
Denizxeber.az bildirir ki, kanal 2018-ci il sentyabrın 24-də yayıma başlayıb. Fəaliyyətə başladığı gündən etibarən “Haber Global” Azərbaycanın maraqlarına aid mühüm mövzuları diqqətdə saxlayır, ölkəmizlə bağlı həqiqətləri geniş tamaşaçı auditoriyasına mütəmadi olaraq çatdırır.
Telekanalın hazırladığı proqramlar və xüsusi layihələr Türkiyə və Azərbaycanda geniş izləyici kütləsinin rəğbətini qazanıb. Kanalın istehsalı olan verilişlər müxtəlif yerli və beynəlxalq festivallarda mükafatlara layiq görülüb.
Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi informasiya dəstəyi ilə “Haber Global” həm Türkiyədə, həm də Azərbaycanda tamaşaçıların yüksək rəğbətini qazanan media qurumlarından birinə çevrilib.
Denizxeber.az kollektivi olaraq “Haber Global” telekanalını fəaliyyətinin 8 illiyi münasibətilə təbrik edir, həmkarlarımıza yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayırıq!





