Təcili göstəriş

43

Qazaxıstanın Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı itkin düşən iki hərbçinin axtarışları davam etdirilir.

Denizxeber.az Manqistau vilayətinin Akimliyinə istinadla xəbər verir ki, Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi Hökumət Komissiyası fövqəladə hadisə yerində fəaliyyətini davam etdirir.

Kanat Bozumbayev itkin düşən hərbçilərin axtarışlarının bütün zəruri qüvvə və vasitələrin cəlb olunması ilə fasiləsiz, gecə-gündüz aparılması barədə tapşırıq verib. Həlak olan hərbçilərin ailələrinə zəruri maddi və digər yardımların göstərilməsi də tapşırılıb.

Dəqiqləşdirilmiş məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbçini dənizdə axın aparıb. Onlardan 12-si həlak olub, 3 nəfər xilas edilib. Daha iki hərbçinin axtarışları isə davam etdirilir.

Qazaxıstan Müdafiə Nazirliyi Manqistau vilayətində keçirilən təlimlər zamanı həlak olan hərbçilərin siyahısını da açıqlayıb və onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Səlahiyyətli dövlət qurumları hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi və səbəblərinin araşdırılması istiqamətində tədbirləri davam etdirirlər.