Azərbaycan Dövlət Dəniz Akademiyasında 27 Sentyabr – Anım Günü qeyd olunub – FOTO

52

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Denizxeber.az ADDA-a istinadən xəbər verir ki, Tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları, Vətən müharibəsi iştirakçıları və qaziləri, eləcə də tələbələr iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Humanitar fənlər kafedrasının müdiri, dosent İlqar Abdullayev 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının tarixində və milli yaddaşında xüsusi yer tutduğunu bildirib. O, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin daim ehtiramla yad ediləcəyini, onların göstərdiyi şücaət və vətənpərvərlik nümunəsinin gənc nəslin milli ruhda yetişdirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Akademiyanın tədrisin təşkili və idarə edilməsi üzrə prorektoru İradə Süleymanova çıxış edərək 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında qəhrəmanlıq, birlik və Vətənə sədaqət rəmzi kimi əbədi yaşayacağını qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinin daim uca tutulduğunu, qazilərimizin və müharibə iştirakçılarının keçdiyi döyüş yolunun gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm nümunə olduğunu bildirib. İradə Süleymanova Akademiyada gənclərin milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Vətənə sədaqət ruhunda yetişdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Tədbirdə I və II Qarabağ müharibələrinin iştirakçısı, müharibə veteranı, hüquq elmləri doktoru, professor, polkovnik Nəsir Hüseynov çıxış edərək keçdiyi döyüş yolu, Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq və Vətən qarşısında xidmətin mənəvi məsuliyyəti barədə danışıb.

“Gəmi elektroavtomatikası” kafedrasının müəllimi, Vətən müharibəsi iştirakçısı Ruslan Əlicanov çıxışında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, döyüş yoldaşlarının şücaətindən və xatirələrindən söz açıb. Ruslan Əlicanovun Füzuli, Zəngilan, Qubadlı və Xocəvənd istiqamətlərində gedən döyüşlərdə iştirak etdiyi və göstərdiyi xidmətlərə görə bir sıra medallarla təltif olunduğu qeyd edilib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə V kurs tələbəsi, Vətən müharibəsi qazisi Cavid Məhərrəmli də tədbirdə çıxış edib. O, döyüşlərdə iştirakından, Suqovuşan döyüşləri zamanı yaralanmasından və döyüş yoldaşları ilə bağlı xatirələrindən danışıb. Cavid Məhərrəmli gəncləri dövlətə, Vətənə və milli dəyərlərə daim sədaqətli olmağa çağırıb.

Akademiyanın məzunu, Vətən müharibəsi qazisi Yaqub Kazımov çıxışında Tərtər, Ağdərə, Talışkənd və Suqovuşan istiqamətlərində gedən döyüşlər zamanı yaşadıqlarını iştirakçılarla bölüşüb. O, Azərbaycan əsgərinin yüksək döyüş ruhunun, xalq–ordu birliyinin və Vətən sevgisinin tarixi Qələbənin mühüm amillərindən olduğunu qeyd edib.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsi Alsu Bədirova şəhidlərin əziz xatirəsinə və Vətən mövzusuna həsr etdiyi müəllif şeirini səsləndirib.

Tədbir çərçivəsində Akademiyanın professor-müəllim heyətinin nümayəndələri və tələbələr də çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, Vətən müharibəsinin Azərbaycan tarixindəki əhəmiyyətindən və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyindən danışıblar. Çıxışlarda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və ehtiramın hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin xalqımızın birliyi, Azərbaycan Ordusunun gücü, şəhidlərimizin fədakarlığı və qazilərimizin qəhrəmanlığı sayəsində əldə olunduğunu diqqətə çatdırıblar.

Sonda şəhidlərin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı, onların qəhrəmanlıq yolunun gələcək nəsillər üçün vətənpərvərlik, mərdlik və Vətənə sədaqət nümunəsi olaraq qalacağı vurğulanıb.

Tədbir Humanitar fənlər kafedrasının müdiri, dosent İlqar Abdullayevin yekun çıxışı ilə başa çatıb.

Şəhidlərimizi ehtiramla anır, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.