SƏRT ÇAĞIRIŞ: Qara dənizdəki hücumların dayandırılması tələb olunur

44

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Ukraynanın xarici işlər naziri Andrey Sibiqaya müraciət edərək Qara dənizdə Qazaxıstana məxsus gəmilərə pilotsuz uçuş aparatları ilə hücumların dayandırılmasına çağırıb.

Denizxeber.az bildirir ki, bu barədə ulysmedia.kz Tleuberdinin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Sibiqa ilə görüşündən sonra verdiyi açıqlamaya istinadən məlumat yayıb.

“İlk növbədə, biz Ukrayna tərəfi ilə Qara dənizdəki gəmilərimizə qarşı pilotsuz uçuş aparatlarının hücumlarının gələcəkdə təkrarlanmamasına ehtiyac olduğunu müzakirə etdik”, – deyə Qazaxıstan XİN rəhbəri bildirib.

Tleuberdi qeyd edib ki, görüş zamanı tərəflər mövcud münaqişə fonunda ikitərəfli münasibətləri də müzakirə ediblər.

Qazaxıstanın xarici işlər naziri daha əvvəl ölkəsinin neft ixracı infrastrukturuna mütəmadi PUA hücumlarını pisləmişdi. Onun sözlərinə görə, bu cür hücumlar yalnız mülki gəmiçilik üçün təhlükə yaratmır, həm də beynəlxalq ticarət qaydalarına ziddir və qlobal enerji təchizatının sabitliyinə mənfi təsir göstərir.

Qeyd edək ki, 2025–2026-cı illərdə Qara dəniz sahilində yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) infrastruktur obyektləri dəfələrlə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb.