Batan gəmidən iki nəfərin cəsədi tapılıb

47

Avqustun 30-da Şimali Kiprin Girnə sahillərində batan “Filo Jet” sərnişin gəmisində itkin düşən şəxslərin axtarışı zamanı daha iki cəsəd aşkarlanıb. Bundan əvvəl, sentyabrın 19-da daha bir şəxsin cəsədi tapılmışdı.

Denizxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Nazirlər Kabinetinin yaydığı yazılı açıqlamada sualtı axtarış əməliyyatlarının qəzaya uğrayan gəmidən təxminən 1000 metr məsafədə və 570 metr dərinlikdə davam etdiyi bildirilib.

Açıqlamaya görə, axtarışlar zamanı iki nəfərin cəsədi aşkarlanıb. Onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizlərinə başlanılıb.

Qeyd olunub ki, analizlərin nəticələri əldə edildikdən sonra mərhumların ailələrinə məlumat veriləcək.

“Dövlət orqanları itkin düşmüş sərnişinləri tapana qədər axtarış işlərini davam etdirəcək. Həyatını itirənlərin ailələrinə bir daha başsağlığı verir və onlara səbir diləyirik”, – deyə açıqlamada bildirilib.

Xatırladaq ki, Girnə limanı ilə Türkiyənin Mersin şəhərindəki Taşucu limanı arasında fəaliyyət göstərən “Filo Jet” sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra su almağa başlayaraq batıb.

Gəminin göyərtəsində ümumilikdə 267 sərnişin və heyət üzvü olub. Hadisə nəticəsində 239 nəfər xilas edilib, 15 nəfər həyatını itirib. Gəminin qalıqları Girnə sahillərində 554 metr dərinlikdə aşkarlanıb.