Şimali Kiprdə batan sərnişin gəmisinin qəza yerində daha bir meyit tapılıb

43

Şimali Kiprin Girnə şəhəri yaxınlığında sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarış-xilasetmə əməliyyatları zamanı daha bir meyit aşkarlanıb.

Denizxeber.az bildirir ki, bu barədə Şimali Kipr hökuməti rəsmi məlumat yayıb.

Bildirilib ki, meyiti aşkarlanan şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizaya başlanılıb. Qeyd olunub ki, hadisənin baş verdiyi ilk andan etibarən itkin düşən bütün şəxslərin tapılması məqsədilə dövlətin bütün resursları səfərbər edilib və axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.

Məlumata görə, faciə nəticəsində həyatını itirənlərin sayı 21 nəfərə çatıb. İtkin düşən 7 nəfərin axtarışları isə davam etdirilir.

Qeyd edək ki, Girnə ilə Türkiyənin Mersin vilayətinin Taşucu limanı arasında hərəkət edən “Filo Jet” adlı sürətli sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb.

Batan gəmidə Azərbaycan vətəndaşları da olub. Faktla bağlı aparılan istintaq çərçivəsində, üçü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə doqquz nəfər həbs edilib.