Şimali Kipr sahilləri yaxınlığında, içərisində azərbaycanlı dənizçilərin də olduğu “Filo Jet” sərnişin gəmisinin batması ilə nəticələnən ağır qəza nəticəsində həlak olanların sayısı 27-yə çatıb.
Denizxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində batan gəmidə itkin düşən şəxslərin axtarışları zamanı ötən gün və bu gün daha iki nəfərin cəsədi aşkarlanıb. Bununla da facəvi qəza nəticəsində həyatını itirənlərin sayı 27-yə yüksəlib. Aşkarlanan cəsədlərdən birinin DNT analizi onun Orhan Bekret adlı şəxsə məxsus olduğunu müəyyənləşdirib. Hazırda digər cəsədin kimliyinin müəyyənləşdirilməsi işləri gedir və itkin düşən son 1 nəfərin axtarışı davam etdirilir.
Xatırladaq ki, Girne limanı ilə Mersinin Taşucu limanı arasında hərəkət edən “Filo Jet” yüksəksürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissədən göyərtəyə su almağa başlayıb və limana qayıtmağa çalışarkən aşıb. Hadisə zamanı gəminin göyərtəsində olan Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov xilas ediliblər. Daha sonra hər iki həmyerlimiz gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə istintaq çərçivəsində saxlanılıb. Faktla bağlı aparılan istintaq çərçivəsində, üçü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 9 nəfər həbs edilib.
Hadisə ilə bağlı hüquqi istintaq və axtarış-xilasetmə əməliyyatları davam edir.





