ADDA-da maarifləndirici tədbir

383

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki,  Azərbaycan Dövlət Dəniz Akademiyasında Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində narkomaniyaya qarşı “Yaşamaq şansını əldən verməyin” adlı tədbir keçirilib.

ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov belə tədbirlərin əhəmiyyətindən danışaraq, müasir dövrümüzdə narkomaniyanın bütün dünyada kütləvi bir bəlaya çevrilməsi səbəbindən maarifləndirici görüşlərin vacibliyini vurğulayıb. Təəssüflə qeyd edib ki, ölkəmizdə də bu bəlaya düçar olanlar var. Bu ölümcül vərdişin qarşısını almaq məqsədilə gənclər, əsasən də tələbələr arasında izahat işinin aparılması müstəsna əhəmiyyət daşıyır.

Tədbirdə Narkoloji Dispanserin və Səbail rayonu Polis İdarəsinin əməkdaşları narkomaniyaya qarşı maarifləndirici mühazirələrlə çıxış ediblər. Sonda Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış videomaterial nümayiş etdirilib.