Dənizçilərin Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş futbol turniri başa çatıb

620

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) işçiləri və struktura daxil olan digər qurumların əməkdaşları arasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş mini-futbol turniri başa çatıb.

Turnirin final oyunları gərgin mübarizə şəraitində baş tutub.

III və IV yerlər uğrunda mübarizədə XDND və “ASCO-Mühafizə” komandaları üz-üzə gəlib. Hər iki komandanın futbolçuları maraqlı oyun nümayiş etdiriblər. XDND 4-3 hesabı ilə bu oyunun qalibi olub.

Finalda “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu ilə “Bibiheybət” Gəmi Təmiri Zavodunun futbolçuları yaşıl meydançaya çıxıblar. Əsas vaxtda qalib müəyyən olunmayıb. Finalçının adına 6 metrlik penalti zərbələrindən sonra aydınlıq gətirilib. Zərbələri daha dəqiq yerinə yetirən ZGTTZ-nin komandası 2-0 hesabı ilə qalib gəlib.

ASCO üzrə ilin son idman tədbirində çıxış edən Sosial inkişaf və nəqliyyat şöbəsinin rəisi İlqar Oruclu Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş mini-futbol turnirinin qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb. O, həmçinin əməkdaşlar arasında il ərzində keçirilən idman tədbirləri barədə də geniş məlumat verib. Bildirib ki, dənizçilərin asudə vaxtınının səmərəli təşkili, onlar arasında dostluğun qurulması və gücləndirilməsi, əməkdaşların fiziki sağlamlığının möhkəmləndirilməsində bu idman tədbirlərinin böyük rolu var.

Daha sonra mükafatlandırma mərasimi keçirilib, qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, final oyununu “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru Rəfael Mikayılov, direktor müavini Sahib Qasımov, Zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri Azad Muradov, “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktor müavini Namiq Nurməhəmmədov, eləcə də 100-ə yaxın tamaşaçı maraqla izləyiblər.

Turnirdə ümumilikdə 10 komanda iştirak edib. Bunlar ASCO, Dəniz Nəqliyyatı Donanması, Xəzər Dəniz Neft Donanması, Zığ Quru Yük Limanı, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, “Bibiheybət” Gəmi Təmiri Zavodu, Azərbaycan Dövlət Dəniz Akademiyası-TTM, İstehsalat Xidmətləri İdarəsi – “Nəqliyyyat MMC”, “ASCO-Mühafizə”, Ketrinqin əməkdaşlarından ibarət komandalar olub.

Mənbə: https://asco.az/denizcilerin-dunya-azerbaycanlilarinin-hemreylik-gunune-hesr-olunmus-futbol-turniri-basa-catib/