Ovçuluq və balıqovlama biletlərinin rüsumunun artırılması layihəsi I oxunuşdan keçib

257

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə müqavilə üzrə əmlakın ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçməsinə görə dövlət rüsumu 20 manatdan 25 manata qaldırılır.

Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, dəyəri 2 000 manatdan 5 000 manat qədər olan kredit müqavilələrinin təminatı kimi girov müqaviləsinin bağlanılmasına görə dövlət rüsumu, qanunla müəyyən edilən bütün növbəli vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu və icra qeydlərinin aparılması üçün dövlət rüsumu da 20 manatdan 25 manata qaldırılır.

Digər bir dəyişikliklə isə ovçuluq biletinin verilməsinə görə 25 manat dövlət rüsumu tətbiq olunacaq. Balıqovlama biletinin verilməsinə görə də 25 manat dövlət rüsumu müəyyən olunub.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.