ABŞ səlahiyyətliləri narahatdır – Çin onun bəzi limanlarında “Troya atı” quraşdırıb

236

ABŞ səlahiyyətliləri Çin istehsalı olan kranların Pekin tərəfindən kəşfiyyat məlumatlarının toplanması üçün istifadə oluna biləcəyindən getdikcə daha çox narahatdırlar.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, Çin istehsalı olan kranlar Amerika kəşfiyyat xidmətlərinin və hərbçilərin nümayəndələrini narahat edir. Xüsusilə, Pentaqon Amerikanın bəzi limanlarında quraşdırılmış ZPMC kranlarını “Troya atı” ilə müqayisə edib.

Nəşr qeyd edir ki, bu texnika yük konteynerlərinin mənşəyi və təyinat yerini izləməyə imkan verən qabaqcıl sensorlarla təchiz edilib. Pentaqonun istifadə etdiyi limanlarda bir neçə kran quraşdırılıb. Hərbçilər Pekinin ABŞ hərbi təchizatlarının hərəkətini izləmək üçün kranlardan istifadə edə biləcəyindən ehtiyat edirlər.

Milli Əks Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin keçmiş direktoru Bill İvanin bildirib ki, Çin kranlarını uzaq məsafədən də idarə etmək mümkündür: “Bu, kəşfiyyat məlumatlarının toplanmasının arxasında gizlənə bilən qanuni biznesin mükəmməl birləşməsidir”.

Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi isə “paranoyanın yaratdığı” bu cür qorxuları ticarət-iqtisadi əməkdaşlığa təsir etmək cəhdi adlandırıb.

banker.az