Donanma gərginliyi: Madrid İsraili tənqid etdi

98

“Qlobal Sumud Donanması”na məxsus gəmilərin İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilməsi ilə əlaqədar İsrailin Madriddəki müvəqqəti işlər vəkili İspaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Madrid İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən donanma gəmilərinin ələ keçirilməsini qətiyyətlə pisləyib və israilli diplomata rəsmi şəkildə etiraz notası təqdim edib.

Nazirliyin açıqlamasında bildirilir ki, ələ keçirilən gəmilərin göyərtəsində İspaniya vətəndaşları olub. İspaniyanın İsraildəki diplomatik nümayəndəliyi məsələ ilə bağlı donanma təşkilatçıları ilə əlaqə saxlayır.

Eyni zamanda, XİN rəhbəri Xose Manuel Albares gəmilərdə vətəndaşları olan digər ölkələrin xarici işlər nazirləri ilə də məsləhətləşmələr aparıb.

Daha əvvəl İsrail Hərbi Dəniz Qüvvələrinin Yunanıstanın Krit adası yaxınlığında fələstinyönümlü “Sumud” donanmasının 58 gəmisindən 15-ni ələ keçirdiyi bildirilmişdi.

Qəzzadakı müharibə fonunda İsrail və İspaniya arasında diplomatik münasibətlərin kəskinləşdiyi qeyd olunur. İspaniya Baş naziri Pedro Sançesin tənqidləri Təl-Əviv tərəfindən narazılıqla qarşılanıb.

Madridin ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatlarına dair mövqeyi də İsrail tərəfindən sərt reaksiyaya səbəb olub. İsrailin Baş naziri Benyamin Netanyahu İspaniyanı İsrailə qarşı diplomatik kampaniyada ittiham edərək, onun Qəzzanın müharibədən sonrakı sabitləşmə proseslərində iştirakını məhdudlaşdırıb. Hər iki ölkənin qarşılıqlı olaraq səfirlərini geri çağırdığı bildirilir.